Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın tarixində yeni səhifə başlanır

14 dekabr 2020 | 16:00

Qələbə Paradı Ali Baş Komandanın çıxışı ilə başladı və möhtəşəmliyi ilə hər bir azərbaycanlının yaddaşında qaldı. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.

Hərbi uğurumuzu bərkidən amil uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.

Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Azərbaycan səbirli və qəhrəman xalqdır. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.

Ölkəmiz üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək.

Hər bir Azərbaycanlı hərbiçi qəhrəmandır. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.

Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

  Rəsmi İrəvan hərbi cinayətkardır. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.

  Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.

Keçidlər