Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri Ceyms Layl Şarp və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin Tərtər rayonunda səfərdə olublar

23 aprel 2021 | 16:00

Aprelin 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin  Minatəmizləmə Agentliyi tərəfindən partlamamış hərbi sursatlara dair həyata keçirilən maarifləndirmə tədbirləri ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çox mənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.

Tərtər rayonu 43 hərbi, 17 mülki şəhid verib, 200-dən çox qazi, 63 mülki yaralı var.

Qonaqlar ziyan dəymiş infrastrukturu əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olublar.

Sonra rayonun Şıxarx qəsəbəsində, Həsənqaya, Əskipara kəndlərində olub, Tərtər-Suqovuşan avtomobil yolunun kənarlarında mina təhlükəsizliyi ilə bağlı quraşdırılmış məlumat lövhələrinə baxıb, Minatəmizləmə Agentliyi tərəfindən partlamamış hərbi sursatlara dair həyata keçirilən maarifləndirmə tədbirləri ilə tanış olublar.

 

Keçidlər