Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Ramazan Bayramı münasibəti ilə tərtərlilərə təbriki

13 may 2021 | 16:00

Əziz tərtərlilər, Sizi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi, insanlarda vəhdət və humanizm duyğularını gücləndirən mübarək Ramazan Bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur.

Bu ilki Ramazan  Bayramı isə seçilən və daha yaddaqalandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə-Zəfər günü Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olundu. İyirmi doqquz ildən sonra işğaldan azad edilmiş Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər Ağa” məscidində qılınan bayram namazı insanlarda qürur hissi yaşatdı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə tezliklə işğaldan azad edilmiş torpaqlarımız, şəhər və rayonlarımız bərpa ediləcək.

Vətən müharibəsində Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib. Evlərimiz dağılsa da, şəhidlərimiz olsa da möhtəşəm qələbə qazandığımız üçün bu ilki Ramazan bayramı daha qürurvericidir.

Bir daha Sizləri Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edir, Sizə ən xoş arzularımı çatdırır, şəhid anaları qarşısında baş əyirik! Uca Tanrı hər kəsin ibadətini, istəyini və dualarını qəbul etsin!

Müqəddəs Ramazan Bayramınız Mübarək!

 

Keçidlər