Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə şəhidin xatirəsinə tikilmiş abidənin açılışı olub

12 iyun 2021 | 16:00

Tərtər rayonunun Seydimli kəndində şəhid Abbasov Aysənan Əsgər oğlunun adına tikilmiş xatirə abidəsinin açılışı olub.

Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları kənddə birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.

Sonra şəhid Aysənan Abbasovun adına tikilmiş xatirə bulağının və abidənin açılışı olub.

Dövlət himnin səslənməsi ilə start götürən tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında xalqımızın  sıx birləşdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, şəhidlərin qanını yerdə qoymadığını bildirib, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Tədbirdən sonra rayon rəhbəri Milli Məclisin deputatı Sahib Alıyevlə birgə şəhidin boya-başa çatdığı ata evinə gəlib, ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıbdır. Görüşdə Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artı həqiqi hərbi xidmət keçən əsgəri olan Abbasov Aysənan 29 iyun 1992 –ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və qəhrəmancasına şəhid olubdur.  Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilibdir.

Şəhidin ailəsi şəhid, qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər