Şriftin ölçüsü :

Saytın rəngi :

Media nümayəndələrinin bir qrupu hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə təltif edilib

21 iyul 2021 | 16:00

Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tərtər rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Respublikasının Dövlət Himni oxunub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük İkinci Qarabağ müharibəsindən, Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbədən danışıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, qadağan olunmuş 21 raket atıb. Nəticədə 60 fərdi ev və 2 mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt tamamilə dağılıb, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Eləcə də 5917 fərdi ev və mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 45 sosial obyektə, 30 inzibati binaya, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Vətən müharibəsi zamanı medianın fəaliyyətindən və rolundan danışıb. Bildirib ki, media nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Onlar birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımlayaraq xalqımızı məlumatla təmin etdilər və Vətən müharibəsində informasiya savaşının qalibi oldular.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev media nümayəndələrini müqəddəs Qurban bayramı və Milli Mətbuat Günü münasibətilə təbrik edib. Bildirib ki, xalqımız hər iki əlamətdar günü bu il fərqli qeyd edir. Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıqla döyüşərək, işğal altındakı torpaqlarımızı azad etdi. Azərbaycan mediası 44 günlük müharibə dövründə daim ən təhlükəli yerlərdən reportajlar, xəbərlər hazırlamaqla xalqımızı ordumuzun uğurları, dünya ictimaiyyətini isə düşmənin təxribatları, yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq həyata keçirdiyi hərbi cinayətlər barədə məlumatlandırdı. Ordumuz hərb meydanında, jurnalistlərimiz isə informasiya savaşında düşmənə qalib gəldi.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində xalqımız dəmir yumruq kimi birləşdi, hər bir kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Media nümayəndələri də üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla və şərəflə gəldilər.
Media orqanlarının Qarabağ bölgəsində çalışan əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general–polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə “Hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə” fəxri fərmanı və xatirə plaketləri ilə təltif ediliblər.

Keçidlər