Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının nümayəndə heyəti Tərtərə səfər edib

26 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da Tərtər rayonunda olub.

Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib. Bildirib ki, müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.

Nümayəndə heyəti sonra Tərtər rayonunun yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıblar. Daha sonra ötən il oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmış Tərtər şəhər qəbiristanlığına baxış keçirilib. Məlumat verilib ki, Ermənistanın beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, qəbiristanlığı ağır artilleriyadan atəşə tutması nəticəsində vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.

Keçidlər