Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib

06 noyabr 2021 | 16:00

8 Noyabr-Zəfər Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə  16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Sonra Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Vidadi Məmmədov, Vətən Müharibəsi Qəhramanı, şəhid Əliyev Anar Vaqif oğlunun atası Vaqif Əliyev  çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər.

Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Sonda şəhidlərin ailə üzvlərinə, qazilərə, Qarabağ Müharibəsi veteranlarına, 44 günlük Vətən müharibəsində arxa cəbhədə xidmətləri olan şəxslərə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən medallar və fəxri fərmanlar təqdim edilib, məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 

Keçidlər