Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

07 noyabr 2021 | 16:00

Xatirə bulağı rayonun Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adına salınan bağda inşa edilib. Zəfərin 1 ili münasibəti ilə inşa edilən Xatirə bulağının açılışında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri  müxtəlif rayonlardan olan şəhid ailələrinin üzvüləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə  16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını ifadə edib.

Tədbirin təşkilatçısı Emin Tarverdiyev bildirib ki, Şıxarxda Vətən müharibəsi şəhidlərinin hər birinin adına ağac əkilib: "Vətən bağı" adı verdiyimiz bu bağda inşa edilən bulaq, həmin işin davamıdır. Bulaq Tərtər-Ağdərə yolunun üzərində bağın yanında yerləşir. Əsas məqsədimiz, bulağın suyundan hər kəsin istifadə etməsini təmin etməkdir. Bulağın daimi suyla təmin edilməsi üçün, yaxınlıqda olan, içməli su artezianından xətt çəkilib".

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər