Əhalinin sayı-104.7 min nəfər
Tərtər rayonunun ərazisi 960 kv.km olmaqla ölkə ərazisinin 1.1 faizini təşkil edir. Mərkəzi Tərtər şəhəridir. Bakı şəhərindən 332 km məsafədə yerləşir. Yevlax, Goranboy, Kəlbəcər, Ağdam, Bərdə rayonları ilə həmsərhəddir. Rayonda 2 şəhər, 1 qəsəbə və 74 kənd yaşayış məntəqəsi var.
1 yanvar 2020-ci il tarixə rayon əhalisinin sayı 104.7 min nəfər olmuş və əvvəlki illə müqayisədə əhalinin sayı 592 nəfər və ya 0.6 faiz artmışdır. Rayon əhalisi ölkə əhalisinin 1.1 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonunun 15.2 faizini təşkil edir. Əhalinin sıxlığı (1 kv.km-ə düşən əhali) 109 nəfər təşkil edir. Əhalinin orta illik sayı 104.4 min nəfər olmuşdur. Əhalinin ümumi sayından 28.8 faizi şəhər, 71.2 faizi kənd yerlərində yaşayır. Rayon əhalisinin 52.0 min nəfəri və ya 49.7 faizini kişilər, 52.7 min nəfəri və ya 50.3 faizini qadınlar təşkil edir. Hər 1000 kişiyə 1013 nəfər qadın düşür.
Əhalinin ümumi sayından əmək qabiliyyətli yaşadək olanlar 20.3 min nəfər (19.4%), əmək qabiliyyətli yaşda olanlar 68.9 min nəfər (65.8%), əmək qabiliyyətli yaşdan yuxarı olanlar 15.5 min nəfər (14.8%) təşkil edir. Əhalinin 27.9 min nəfəri və ya 26.6 faizi 14-29 yaşda gənclərdir ki, onların 17.9 min nəfəri və ya 17.1 faizi kənd yerlərində yaşayır. Əhalinin orta yaşı 31 yaş təşkil edir.
2019-cu ildə rayonda 1135 körpə və ya hər gün təxminən 3 yeni kiçik vətəndaş dünyaya gəlir. Bu göstərici ölkə üzrə doğulanların 0.8 faizini, Yuxarı-Qarabağ iqtisadi rayonu üzrə doğulanların 13.6 faizini təşkil edir. Doğulanların 55.2 faizini oğlanlar, 44.8 faizini qızlar təşkil edir. 2018-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 13.6-dan 13.9-a qədər artmışdır. Doğulanların 17.8 faizi rəsmi nikahdan kənar doğulmuşdur.
2019-cu ildə rayonda 491 ölüm qeydə alınmışdır ki, onun 8 nəfəri 1 yaşa qədər ölən uşaqlardır. Ölənlərdən 120-si (24.4%) şəhərdə, 371-i (75.6%) kənd yerlərində qeydə alınmışdır. 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6.2-dən 6.0-a qədər azalmışdır.
2019-cu ildə rayonda 561 nigah bağlanmış və 150 boşanma halları qeydə alınmışdır.
2019-cu ildə daimi yaşamağa rayona 51 nəfər gələn, 103 nəfər gedən qeydə alınmışdır. Miqrasiyanın mənfi saldosu - 52 nəfər təşkil etmişdir.
Ermənistanın respublikamıza təcavüzü nəticəsində 1 yanvar 2020-ci il tarixə 2635 nəfər qaçqın və 10605 nəfər məcburi köçkün Tərtər rayonunda məskunlaşmışdır.